“Bu cür reaksiya Rusiyanın aciz və cılızlığını ortaya qoyur” - Rəşad Bayramov

13:13 05.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Azərbaycanı hədəfə alan təxribatçı davranışları siyasi ağılsızlıq və məntiqsizliyin bariz nümunəsi olaraq suları bulandırır. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanıyan və digər əməkdaşlıq əlaqələri ilə bağlı imzası olan Rusiyanın özünün dövlət informasiya agentlikləri vasitəsi ilə etdiyi ideoloji separatçı cəhdlərlə hansı dividenti qazanacağı da normal zəkaya sığmır.
Rusiyanın TASS agentliyində Xankəndinin Stepanakert kimi təqdim edilməsi, Azərbaycanla hava və quru əlaqəsinin kəsilməsinə cagırışlar, Solovyov Simonyan kimi anti-Azərbaycan mövqelərə Nikita Mixalkovun qoşularaq ölkəmizə qarşı hücumları, Rusiyanın “Qarabag erməniləri” məsələsini yenidən gündəmə gətirmək cəhdləri regionla bağlı birmənalı siyasət aparmadığını ortaya qoyur.

Rusiya hansı məntiqlə Azərbaycana qarşı bu cür çıxışlar edir və nəyə nail olmağa çalışır?


Bu istiqamətdə hafta.az-a şərh verən politoloq Rəşad Bayramov bildirib ki, rəsmi Kremlin bütün vasitələrlə Azərbaycana qarşı kampaniya apardığı açıq-aşkar görünür.

Politoloq qeyd edib ki, bu kampaniya təkcə guya “müstəqil” adlandırılan televiziya və mətbuat orqanlarının səviyyəsində deyil, eyni zamanda rəsmi dövlət agentlikləri, dövlət televiziyası, Rusiya rəsmiləri, deputatlar və digər şəxslər tərəfindən sistemli şəkildə həyata keçirilir:

"Rusiyanın əlində Azərbaycana qarşı təzyiq rıçaqları olmadığı üçün informasiya müharibəsi yolunu seçiblər və bu yolla bizə təzyiq etməyə cəhdlər edirlər. Hesab edirəm ki, rəsmi informasiya agentliyində “Stepanakert”, “Dağlıq Qarabağ” kimi ifadələrin işlədilməsi, Azərbaycanla hava və quru əlaqəsinin kəsilməsinə cagırışlar, ölkəmizdə keçirilən tədbirdə nümayəndələrinin iştirakına verdikləri reaksiya əslində Rusiyanın acizliyini və cılızlığını ortaya qoyur. Şübhəsiz ki, hazırda aparılan antiAzərbaycan kampaniyası uzunmüddətli və planlı siyasətin tərkib hissəsidir. Təyyarəmizin vurulması, Rusiyada yaşayan soydaşlarımıza qarşı qanunsuz davranışlar, iş adamlarımıza edilən təzyiqlər, diaspor təşkilatlarına qarşı hücumlar, onların cinayətkar qurumlarla eyniləşdirilməsi, miqrant soydaşlarımıza qarşı ayrı-seçkilik və zorakılıq halları - bütün bunlar eyni zəncirin həlqələridir".

R.Bayramovun fikrincə, səbəb, bu yolla Azərbaycana təzyiq göstərib itirilmiş mövqeləri bərpa etməkdən ibarətdir. Amma Rusiya başa düşmür ki, təzyiqlə nəyə isə nail olmaq mümkün deyil:

"Biz Baydenin timsalında ABŞ-ın təzyiqlərinə, Avropa İttifaqının hədə və təzyiqlərinə boyun əyməyərək bunu dəfələrlə sübut etmişik. Odur ki, Rusiya hədə və təzyiq yolunu bir tərəfə atıb münasibətlərin normallaşması üçün müvafiq addımlar atmaq haqqında düşünməlidir. Başqa sözlə, Rusiya indiyədək həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətə görə üzr istəməli, təyyarə cinayəti ilə bağlı məsul şəxsləri cəzalandırmalı, təzminat ödəməli və Azərbaycana qarşı apardığı təbliğatı dərhal dayandırmalıdır. Yalnız bu addımlar münasibətlərin normallaşmasına şərait yarada bilər. Əks halda, bu münasibətlərdən ən çox zərər çəkən tərəf elə Rusiya özü olacaq. Çünki artıq dünyanın böyük əksəriyyəti tərəfindən təcrid olunmuş, sanksiyalarla üzləşmiş bir dövlətin indi də özünün “müttəfiq” adlandırdığı Azərbaycana qarşı bu cür düşmənçilik mövqeyi tutması, ilk növbədə Rusiyanın öz maraqlarına zərbə vuracaq”.